Tumgik
balbash · 29 days
Text
Külək gülü'ndən parça
İnanmırdım, düşüncələrimin ən uzaq yerində, hamıdan gizlənib özünə yer etmiş ən kiçik ehtimal da yox idi bizim bir gün ayrılacağımıza, sənin məndən gedəcəyinə, çünki əmin idim bütün anlaşılmazlıqlara, kiçik ya böyük bütün davalarımıza, sənin göz yaşlarına, mənim əsəbiləşmələrimə, bağırmaqlarımıza, zaman-zaman ikimizin arasına girən səssizliklərə, bəzən necə başladığını heç cür xatırlaya bilmədiyim davanın sonrasında içimdə bəzi şeylərin həmişəlik qırıldığı haqda fikirlərə və səndə də bunun eynisinin yaşana biləcəyi ehtimalına, hansısa lənət bir yerdə ilişib qalmağımıza və heç cür o lənətin qollarından qopub bir-birimizə toxuna bilməməyimizə rəğmən sənlə mən axşamüstü, qürub vaxtı işığı yanan mənzillərin hüznü idik, o sapsarı işığın özü idik, televizordakı səs idik, masanın küncləri sürtülmüş süfrəsi, isti yay axşamı soyuducudan çıxarılan sulu şaftalılar, sözlərini xatırlaya bilmədiyimiz mahnı, sahildə gəzişərkən qağayılara əl edən balaca uşaqlar idik, biz şəhərin mərkəzindəki bitməyən tıxaclar zamanı qəzəbini siqnallamaqla çıxaran sürücülər, məktəbin son sinfində əldən ələ gəzən xatirə dəftərində şagirdlərin bir-birinə yazdığı saf arzular, filmlərdə həmişə həyatdakından daha gözəl yellənən pərdələr, həmişə qaça-qaça gəlib çatdığımız, sanki bizsiz heç yerə getməyəcək sonuncu metro qatarı, qışın qaranlığının qəflətən düşməsinə heyrətlənməklərimiz idik, biz çayın qaynadığını görüb qısa təəssüflənmənin ardından onun dadına baxan, dadının korlanmadığına özümüzü inandırdığımız o məsum yalanlar idik, Bakının qızmarında küçənin kölgəli tərəfi, çox gözlənilən bir məktubun, ismarışın nəhayət ki, yetişməsi idik, biz dərsdən qaçıb heç kimin gözünə görünməmək üçün parkın gizlin yerlərində oturub boş-boş söhbətlər edən iki məktəbli, qaranlıqda, yad küçədən keçərkən qəfil qarşına çıxan balalamış pişik və onun körpələri, onları qəfil görmənin həyəcanı, qonşunun mənzilindən eşidilən pis piano məşqinin özü ilə gətirdiyi yorğunluq, köhnə şəkillərdəki paltarlarımızın, saç düzümlərimizin, dayandığımız yerlərin -onlar olmasa belə zamanın gedib bir daha geri qayıtmayacağını başa düşməyimiz kifayət idi- özləriylə gətirdiyi incə kədər, azarkeşlik etdiyi futbol klubu qalib gələn gün həyatındakı bütün çətinlikləri o gecəlik unudan yeniyetmə, qəflətən bir kitabın arasından tapılan, keçmiş zamanlara aid, nəyə işarə etdiyini heç cür xatırlaya bilmədiyimiz qeyd, gecə növbəsini kiçik televizor önündə yatmaqla yola verən yaşlı qarovulçu, yadıma düşməyən, deyilməyən, amma mütləq haradasa var olan və mütləq biz olan daha nələr-nələr idik. Mümkün deyildi bizim üçün bir-birimiz olmadan yaşaya bilməyimiz. Bunun təsəvvür edilməsi mümkün deyildi. Ən böyük xəyanət idi belə bir ehtimalın varlığını qəbul etmək. Daha ayrılıq da nəsli kəsilmiş heyvan növüydü, ancaq qalın ensiklopediyalarda rast gələ biləcəyimiz. Sonra sən getdin. Bu azmış kimi bir də getdin. Mən də heç nə olmamış kimi, belə də olmalıymış kimi yaşamağa davam etdim. Təsəlli verdilər, onlara qulaq asdım. İnandım ki, bəli, həyatdır, ayrılıq da bir ehtimaldır. Bəzən belə olur, bəli. İndi başa düşürəm, dünyanın təsəllisinə aldandığım o gün itirdim mən yaxşı hər şeyi. Ayrılığın mövcud olduğuna bircə saniyə inanmaq kifayət etdi ki, sən daha yanımda olmayasan.
0 notes
balbash · 29 days
Text
Gecə-gecə yadıma ötən payız Naxçıvan şaxtasında iş yoldaşımın "vyetnamka"da gəzməyi, ona baxıb istilənərək gödəkçəmi soyunmağım, digər iş yoldaşımın "bəsdir Saraya baxıb qızışdın, onlar öyrəşib elə qəribəliklərə, sənsə sətəlcəm olacaqsan" deməyi düşdü. Sonra Möminəxatun türbəsinin yanında alatoranda haradansa hərbçilər peyda oldu, gülə-gülə "biz elə buralarda gəzməyi sevirik" deyib, hara gedəcəyinə qərar verə bilməyən birinin ədası ilə ətrafımızda dolaşıb bekarçılıqdan şəklimizi çəkdilər, türbənin əyildiyini ilk dəfə öyrənibmiş kimi heyranlıqla süzdülər. O axşam muzey mağazasında dəyərsiz daş-qaşı almağa sərf etdiyimiz vaxtdan çox bizi ovsunlayaraq buna sövq edən satıcının cadugər olması ehtimalını müzakirə etdik.
Bakıya çatanda soyuqladım, əlbəttə.
0 notes
balbash · 2 months
Text
Bu gün Külək gülü'ndə "nimdaş palto" ifadəsini "tattered coat" tərcümə edib sonra Yeats'in Sailing to Byzantium şeirində eyni ifadəyə rast gəldim. Nə deyim, hərdən bu cür motivasiyaya ehtiyacım var.
0 notes
balbash · 3 months
Text
Bayaq Orxanın kitabının mətbəədən videosunu göndərdilər, necə həyəcanlandımsa şəkərim düşdü. Bir anda necə məsuliyyətli prosesin içində olduğumuzu dərk etdim. Biz Orxanla kifayət qədər sakit, asosial həyat sürürük və xarici aləmlə bu cür aşkar və birbaşa əlaqəyə girmək bir az öyrəşilməmiş, hətta vahiməli gəlir.
Bir tərəfdən də romanın tərcüməsi xeyli ləng gedir, sanki heç cür prosesi yoluna qoya bilmirəm. Xüsusən bu həngamənin içində düşünürəm, görən bir il sonra harada olacağıq.
Nəhayət Lolitanı oxumağa başladım. Hər dəfə Nabokovun hansısa romanını oxumağa başlayanda, fərqi yoxdur ingiliscə, yoxsa rusca, öz dil bilgimin kasıblığından utanıram, kədər məni bürüyür. İlk bir neçə səhifəni də bu kədərin dumanı içində yola verirəm. İstedad qarşısında insana ancaq heyran olmaq və kədərlənmək qalır.
1 note · View note
balbash · 5 months
Text
Wow! Nə qədər vaxt keçib son postun üstündən! Dəyişən çox şey yoxdur deyə düşündüm Alex Turner`i dinləyərkən. Sonra yadıma düşdü ki, Orxanın kitabı demək olar hazırdır. Cümləni yazanda necə böyük hadisə olduğunu başa düşdüm. Neçə il keçib gör ilk yazmağa başladığından. Bütün şübhələr, narahatlıqlar, tərəddüdlər yoxa çıxmalıdır son nöqtəni qoyandan sonra. Tərcümədə bu belə deyil. Sadəcə o şübhə, narahatlıq və tərəddüdlər növbəti işi görməyə, bu dəfə daha yaxşı görməyə təkan verir. Mükəmməlin arxasınca qaçılan sonsuz marafon. Görən roman yazmaqda da eyni cür olur? Heç Orxandan soruşmamışam. Düzdür, dolayısı ilə bu şeyləri müzakirə etmişik.
Bütün o müzakirələri yada salaraq düşünürəm ki, bir gün Orxanın istedadı layiqli yerini tapanda mən zəngin məlumat mənbəyi olacam. Yaddaşım həqiqətin sədaqətsiz carçısına çevriləcək. Yeganə ümid Orxanın müsahibə verməyi sevən biri olacağıdır.
Stuck on a puzzle
0 notes
balbash · 8 months
Text
Orxan analoq dünyaya geri qayıdır. Əslində çoxdan onda bu tendensiya müşahidə olunurdu. Tez-tez növbəti romanını əllə yazacağını deyirdi. Artıq həmin roman üçün qeydləri vərəqlərdə (kartoçkalarda) aparır. Əlbəttə, ifrata varmaq təbiətində olduğu üçün, Evernotu da vərəq şəklində qeydlərlə əvəz edib. Kitabxana sisteminə oxşar bir sistem yaradıb, bu arada normal qələmdən mürəkkəb qələmə keçib, artıq mürəkkəb qələm ucları haqda dissertasiya yaza bilər.
Orxanın müasir məişət vərdişlərindən üz çevirməkdə nə qədər qərarlı olduğunu dünən lonqdrink istədiyimdə mənə pivə təklif etməsi ilə tam dərk etdim. İndi düşünürəm, görən doğrudan da pivənin lonqdrink sayılmasına nə mane olur?
1 note · View note
balbash · 11 months
Text
Tomas Eliot'un poemasını tərcümə edib iki ədəbiyyat saytına göndərdim, heç biri qəbul etmədi. Əslində poemanı tərcümə etməyə məni sövq edən, necə gözəl olduğunu Orxana da göstərmək idi. "Alfred Prufrokun sevgi nəğməsi" azərbaycancaya aşıq şeiri kimi tərcümə olunub, ruscaya da ki, o məşhur "şeiri tərcümə etmə, fikrini oğurlayıb yeni şeir bəstələ" prinsipi ilə. Fikirləşirdim ki, bitirəndən sonra bloqumda paylaşım. Orxan da dedi ki, bu boyda iş görmüsən, gəlsənə bir sayta göndər.
İndi poema əlimdə qalıb, bilmirəm onunla nə edim. Özünün inşa etdiyin mətnin də bir axmaq özəlliyi var, bir yerdə çap olunub, təhvil verilib sabitlənməsə vaxt keçdikcə hər baxanda nəyisə düzəltmək, dəyişmək istəyirsən. Ona görə də baxmıram, amma yadıma düşəndə də kədərlənirəm.
Gənc bir tərcüməçinin yaratmaq eşqini alovlandıran bir mühitdə yaşayıram. Gərək ardınca düşündüyüm kimi Dambudzo Marachera'nın şeirlərini tərcümə edəm. Çox, incə, ekzotik və özfəaliyyətimin qədərinə yaraşarcasına kədərli şeirlər. Niyə də yox?!
1 note · View note
balbash · 1 year
Text
Bu gün Baxın ad günüdür. Bax öz dövründə daha çox orqan ifaçısı kimi tanınıb. Onun Branderburq Konsertləri, 200-dən çox kilsə üçün kantataları yalnız ölümündən xeyli sonra əsl dəyərini tapıb. Səhər-səhər bu məni xeyli düşündürdü. Görən Bax kimi əbədiyyətdə iz buraxmış bir insanın özünün bundan xəbərinin olmaması, bu məziyyətdən nə mənəvi, nə də maddi yararlana bilməməsi biz insanların fərd olaraq əbədiyyətlə aramızdakı əlaqə haqqında nə deyir. Bizim dəyər verdiyimiz Bax əsərləri cismani Baxa nə qədər toxunur. Yoxsa o Bax sadəcə bir portal idi indi bildiyimiz musiqi əsərlərini tanımaq üçün?
Ölümdən sonra həyat yoxdursa, hər şey çox qəribədir. Düşünsənə, bir neçə əsr sonra etdiyin hansısa bir işə, verdiyin hansısa qərara görə insanlar səni az qala ilahiləşdirə bilər, səninsə bundan xəbərin olmayacaq. Absurd deyil?
0 notes
balbash · 1 year
Text
Ah, yenə fərqli bioloji növ kimi qeyd edildiyimiz gün gəldi. "Gözəl xanımlar, siz olmasaydınız biz nə edərdik?" sualı. Sanki qadın həyatı rahatlaşdıran paltaryuyan maşın, ya betonu rahat deşmək üçün Hilti alətidir, Homo Sapiens'in iki cinsindən biri yox. Hələ 8 martda qadın əməkdaşları bir otağa toplayıb onlara qızılgül və tort hədiyyə edən şirkət müdirlərinin, masa arxasında "qadınlar bizim hər şeyimizdir" deyə tost deyən kişilərin üzündəki gülümsəmə, o öz səxavətliliyinin istisində qızınma, göstərdiyi iltifatdan məstolma. Bunun bir adı var, heyf ki, ingiliscədir: sugar-coated condescension
Bir gün dünyanın oyanıb bu bayramı unutmasını necə arzu edirəm. Belə absurd və öz absurdluğunda ikrahedici bayram hələ düşünülməyib.
0 notes
balbash · 1 year
Text
The Cut adlı Nyu-York jurnalının etik qaydalara həsr olunmuş məqaləsindən kamil bir sitat:
"Tik-tok videolarını başqasına danışmayın. Bu yuxunu danışmaqdan daha sıxıcıdır".
Mən bura bir filmi, əsəri danışmağı da daxil edərdim. Hətta xüsusi bacarığın yoxdursa, ya da mətnini əzbər bilmirsənsə lətifə də danışma. Heç kəs sənin yerinə utanmağa layiq deyil.
0 notes
balbash · 1 year
Text
Bu gün internetdə bir nəfərin şəklinin altında "Heç azərbaycanlıya oxşamırsınız, maşallah" kimi bir şərh yazılmışdı, adam da "təşəkkür edirəm (ürək) (ürək)" cavabı vermişdi. Heç bilmirəm nə düşünüm. Görən bu fərqində olmadan ədəb-ərkan fasadının çat vermiş səthindən çölə saçan səmimilik işartısıdır (çünki adamdan soruşsan azərbaycanlıların ümumən çirkin olduğu fikrini inadla təkzib edər), yoxsa birinin xoşuna gəlmək üçün vurnuxarkən nə dediyinin fərqinə varmamaqdır? Digər tərəfdən cavabdakı təşəkkürü görüb çaşıb qalırsan ki, "beynəlxalq səviyyədə azərbaycanlıların çirkin olduğunu təsbit edən bir saziş, bir anlaşma imzalanıb, məndən başqa hamının xəbəri var? Ona görə belə rahat, kimsəni təhqir etdiklərindən narahat olmadan belə şərhlər yazırlar?" Bir allahın balası da "xeyir ola, xanım?" tonunda cavab yazmayıb. Sanki anlaşıb, razılaşıblar çirkin olduğumuza.
0 notes
balbash · 1 year
Text
youtube
Əgər məni arabayadək yola salmağı düşünürsənsə
Bilməlisən ki, içimdə bir kədər hissi olacaq
Odur ki, çox xahiş edirəm,
Gəl özümüzlə güzgülü şar götürməyi unutmayaq
Arctic Monkeys`in Mirrorball mahnısındakı eleqant və zərif komizm.
"O qədər kədərliyəm ki, bu kədərimi ancaq bir diskoteka atmosferi boğa bilər. Bu kədəri ancaq boğmaq, güzgülü şarın sayrışan işıqları ilə malalamaq olar" - deyir Alex Turner
0 notes
balbash · 1 year
Text
Pedro Paramo'nu oxudum. Heç bilmirəm nə deyim. Yadıma Markez'in "The New Yorker" jurnalındakı "Challenges" essesi düşür. Orada Markez təxminən belə bir şey deyir ki, Kafkanı oxuyanda ilk ağlıma gələn fikir, "demək belə yazmaq olar?" oldu. Yəqin o zaman Juan Rulfo hələ "Pedro Paramo" romanını yazmamışdı. Hər addımında bir dilotu yemiş ruh dolaşan, boş və kimsəsiz evlərlə dolu, xaraba qalmış kənd. Bu kəndə səyahət edərkən yarıyolda özünü qəbirdə, başqa bir qadın cəsədini qucaqlayaraq onunla söhbətləşən yerdə tapan Juan Preciado. Bir də süquta uğramağın sonsuz poetikliyi. "Pedro Paramo" xəyal gücünün ucu bucağı olmadığını, ağlasığmaz, qeyri-təbii hadisələrlə ən doğma hissləri təsvir etməyin mümkünlüyünü öyrədir.
Kimsə desə idi ki, "Yüz il tənhalığ"ın gəldiyi yerdə daha bir, daha poetik, daha incə mücəvhər var inanmazdım.
0 notes
balbash · 2 years
Text
Mənə elə gəlir ki, Faulkner "Küy və qəzəb" romanının sonuncu, üçüncü şəxsdə yazılan bölməsində Benjamin'i təsvir edərkən oxucuda sanki uzun müddət üzünü görmədən tanıdığın birini ilk dəfə görərkən keçirdiyin hissi yaradacağını bilib. Ümumiyyətlə romanın ilk üç hissəsində gah dəli, gah suisidal gənc, gah da yoxsul əyalət aristokratı dilindən danışdıqdan sonra, dördüncü hissədə Faulkner bütün poetikliyi, dil ustadlığı ilə adamı valeh edir.
0 notes
balbash · 2 years
Text
Dünən axşam avtobusda evə gələndə kefim o qədər pis idi ki, mağazaların vitrinlərində ada, dəniz, yaşıllıq fotoları axtarırdım fikrən ora köçməkçün. Ayrı vaxt bütün o bayağı şəkilləri görməkdən gözlərim yorular, bu dəfə isə bir şəklə belə rastlamadım. Bircə qız var idi, çox isti havada gün eynəyi taxıb göyə baxırdı.
0 notes
balbash · 2 years
Text
Arctic Monkeys qrupunun Star Treatment mahnısı kosmik fəzada yaşayan, bir vaxtlar məşhur olmuş qoca musiqiçi haqqındadır. Mən Arctic Monkeys qrupuna ilk bu bəndlərlə vurulmuşam, ona görə tərcümə edirəm burada qalsın:
Mən sadəcə The Strokes-dan biri olmaq istəyirdim
Sənsə gör mənə nələr etdirdin
Əlimdə monoqramlı çanta avtomobil tutmağa çalışıram
Hər hansı xəyali yarısalamat magistraldan mil-mil uzaqda
Kosmosun yeraltı dünyasında önəmli biriyəm
Dostlarından soruş
Amma köhnə şan-şöhrətim bir az laxlayıb
Çətin də olsa anladım ki, sənlə mənim kimi göyçəklərin yeri deyil bura
Hamı bir bərədə böyük televiziyanın sonsuz axınlarında üzür
1987, 2019
Bəlkə də 70-lərdə bir az dəlisov olmuşam
Əllərim kosmik gəmi yağına bulaşmış
Karate bandanası, kosmik sürət şıklığı
Saçım buradək, iri bığlarım
Qapağı burulan şüşədə paylanan sevgi
Gəl onu başımıza çəkib bir dövrə vuraq
Hə, kimi çağıracaqsan?
Martini Polisini
Əzizim onlar bu axşam göründüyü kimi deyillər
İşıq gözlərinə çatmaqçün bir əbədiyyət yol qət edib
Star Treatment
1 note · View note
balbash · 2 years
Text
Artıq ikinci onilliyə keçirdi ki, türkdillilər hər söhbətə zarafat ab-havası qatmaqçün Cem Yılmaza müraciət edirdi. Telefonun xarab oldu - "açar kaparım", ingilis dilin zəifdi - "derdimi anlatacak kadar", kimsə snobluq edir - "bunu içmeden uçamıyorum". 20 ildən çox idi bizim zarafat tərzimizi Cem Yılmaz formalaşdırırdı. Adam məğlubedilməz armada kimi komediya sahəsini necə tutmuşdusa, insanların yumor hissi üzərində nə sehrbazlıq etmişdisə ondan sonra gələn hamı sanki görünməz divara dəyib uçuruma yuvarlanırdı. Bu "Güldür-güldür"lər, ÇGHB'lər, Ata Demirerler hamısı elə bil sadəcə Cem Yılmazın komik dühasını vurğulamaq üçün fon idi. Azərbaycan komiklərindən danışmağa məncə ehtiyac yoxdur, vəziyyət göz qabağındadır.
Sonra birdən Deep Turkish Web gəldi. Yumoru konfeti kimi kədərin üzərinə sardı. Bizə "insan düşdüyü vəziyyətdən asılı olmayaraq həmişə komikdir" deyə anlatdı. Biz tragediya ilə komediyanın bir-birini inkar etdiyini düşünürdük. Ağlayan insan gülməli olmamalıdır. Yıxılana gülməzlər. DTW isə komediyanın "вездесущий" olduğunu bizə sadəcə göstərmir. Bizi hər şeyini itirib iflasa uğrayan, karantində ağlını itirib intihar cəhdi edən, arzuladığı ölkəyə gedəcək deyə dələduz qurbanı olan, gey olduğu üçün güllə yeyən insanlara gülməyi öyrədir. Ürəkdən gülürük, özü də bunu kədərli musiqi fonunda edirik. Bu başqasının dərdinə biganəlik deyil, nəhs, çürükdiş gülüşdür, eybəcərdir, qulaq cingildədir, narahatedicidir. Artıq komediya qəhrəmanı naiv, qarınqulu, küt, amma "cute" Bahaattin abi deyil; seksual frustrasiyadan əziyyət çəkən, heç cür onu anlayacaq bir insan bəndəsi tapa bilməyən, asan körüklənən İsmet abidir.
Artıq bir türk özünün güzgüdəki əksinə gülməyə başlayıb, həmin əksin yumşaldılmış versiyasına deyil. Ona görə Cem Yılmazın son konserti sönük qarşılandı. Çünki heç kim İsmet-Suat qarşıdurmasından sonra, yaxtada avropalı geylərin qeybətini edən türklərə gülməyəcək. Bu sonunu eşitdiyin filmə baxmaq kimidir.
0 notes