Tumgik
#bakıdabaşverənlər
nardenesi · 7 years
Text
Ağlamayan oğlanlara həsr olunan sərgidən
Lucy ilə Cümə günü, axşam Yaratın “Artım” qallereyasında olan “Oğlanlar ağlamaz” sərgisinə birgə getməyi qərara aldıq. Sərgiyə gedəndə gələn həftənin planların müzakirə edən zaman anladıq ki yaxın günlərdə gender məsələlərinə toxunan bir neçə tədbir keçiriləcək. Bakıda xüsusi olaraq tabulu mövzulardan olduğundan bu cüzi diqqət və gender problemlərinin müzakirəsindəki oyanışı hiss etmək bizi sevindirdi…
Sərgidə əsasən iki installasiya diqqətimi xüsusi cəlb elədi ki, bunlardan birincisi, Leyli Salayeva və Çinarə Məcidovanın "Ancaq kişilər, qadınlar utanmayın" video çarxı, digəri isə Ayxan Xəlilovun iki otağı oldu. Düşünürəm ki, İlahə və Lucy də mənimlə həmfikir idilər.
Leyli və Çinarə, təntənəli şəkildə vəsf edilib, əldə tutulan, hərdən də qəfəsdə saxlanılan Azərbaycan qadının gündəlik yürüyüşü zamanı eşitdiyi absurd replikalardan ibarət video installasiya hazırlamışdılar. İdeyaya əsasən, bu replikalardan yazılan şeiri bir neçə Azərbaycanlı qadın dilə gətirirdi… “Ətrivi yeyim”, “Necə şirinsən ayyala, nə edərdim səninlə” və s. kimi gündəlik olaraq qulağımızı kəsən replikaları, əminəm ki, bir çox qadın dilinə gətirməkdə böyük çətinlik çəkərdi. Elə buna görə də, səhv eləmirəmsə, videoda çəkilmək üçün xanımları tapmaq bir xeyli vaxt tələb edib. Odur ki, əhsən cəsarətli və ürəkli xanımlara!
Tumblr media
Ətrafda eşitdiklərimdən belə başa düşdüm ki, gecənin ulduzu məhz bu video olub. Mən isə öz növbəmdə, ulduzlu koftamla, Ayxanın installasiyasının ulduzu olmağa çalışdım. İlk otağa girəndə qəfildən mənə otaqdan çıxmalı olduğumu deyən bir səs eşitdim. İkinci otaq isə, içində özlərini "vorovskoy aləmin" bir hissəsi kimi qələmə verən qaqaşların oturduğu, hər gün yanından ötüb keçdiyim, ancaq heç vaxt daxil ola bilmədiyim çayxananı xatırladırdı. Elə həmin bu qaqaşlar, birinci otağı kameradan izləyərək sənə nə etməli olduğunu deyirdilər: "otaqdan çıx, kitablara əl vurma" və s. Çox da dərinə getmək lazım deyil əslində, elə bir az düşünəndə anlayırsan ki, real həyatda da çox vaxt elə həmin “qaqaşlar” sənin hərəkət və düşüncə azadlığını bu və ya digər şəkildə idarə edərək sərhədləyirlər. Bəzilərinin həyatında bu daha sarsıdıcı yer tutsa da, digərləri üçün bu “qaqaşların” gündəlik həyatımıza müdaxiləsinin fərqinə varmaq çətindir. Bu otaqlarda isə müdaxilənin necə edildiyi gizlədilmir, əksinə, açıq aşkar şəkildə dilə gətirilir.  Elə mən də onların diktəsinə etirazımı bildirmək üçün həmin otağa üç dəfə qayıtdım. Onlar çıx dedikcə, mən otaqda qaldım, onlar kitablara əl vurma dedikcə, mən kitabların yerini dəyişdim. Tamamilə bir qurğunun hissəsi olmasına baxmayaraq, bu otaqlar, illərlə yığılan hisslərimi cüzi də olsa açığa çıxartmağa imkan verdi.
Bu gün şəhərdə gəzəndə bir "myau" səsi eşitdim—pişiklərdən qorxduğumu məni az çox tanıyan hamı bilir—döndüm baxdım və gördüm ki çox vaxtı “dayday” deyə stereotipləşdirdiyimiz bir kişi, pilləkəndə gizlənib, o biri daydaya myaulduyur. Çöldəki "dayday" ona baxıb gülür  ürəkdən… Olan qalan gender stereotiplərimi bir daha sındırdılar bu "daydaylar(?)". Sınıb və sındırala biləcək stereotiplərə görə sərgilərə getməyə, müzakirələrə qatılmağa, mövqeyini ortaya qoymağa ya da sadəcə ətrafdakı insanları daha diqqətli müşahidə etməyə dəyər dedim öz-özümə. Siz nə deyirsiz?
1 note · View note